İmmunlaşdırma



Kurs haqqında

Yoluxucu xəstəliklərlə mübarizə səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktika dedikdə profilaktik peyvəndlərin həyata keçirilməsi yolu ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ləğvi üçün tədbirlər sistemi başa düşülür. Yoluxucu xəstəliklərə qarşı xüsusi müqavimət yaratmaq üçün insan orqanizminə tibbi immunobioloji preparatlar yeridilir ki, buna da profilaktik peyvəndlər deyilir.

Yoluxucu xəstəliklərin qarşısının alınması, idarə olunan infeksiyalardan əhalinin qorunması və ölüm hallarının azaldılmasına yönələn “Milli İmmunlaşdırma Proqramı” Azərbaycan Respublikası Prezidenti və hökuməti tərəfindən dəstəklənir.

“Milli Profilaktik Peyvənd Təqvimi”nə əsasən hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, qızılca, epidemik parotit, məxmərək, Hib, pnevmokok infeksiyalarına qarşı peyvəndlərin aparılması vacibdir. Azərbaycan Respublikasında Səhiyyə Nazirliyinin 30.10.2013-cü ildə təsdiq etdiyi və hazırda istifadədə olan “Milli Profilaktik Peyvənd Təqvimi” alternativ preparatlardan istifadə etməyə, xüsusən də vacib olan və kombinə edilmiş vaksin inyeksiyalarının sayının azaldılmasına imkan verir.

“2011-2015-ci illər üçün Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.10.2010-cu il tarixli 225 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Təqdim olunan bu kursdan keçməklə tibb işçiləri immunizasiya və onun aparılması qaydalarına dair geniş məlumatlar əldə edəcəklər. Belə ki, kursun tərkibində İmmunlaşdırmanın əsas məqsədləri: Milli siyasət və ölkə immunlaşdırma təqvimi, Elektron “Sağlamlıq Kartı”, Dövlət tibb müəssisələrində peyvənd otağının işinin təşkili, Peyvəndlərlə idarə olunan xəstəliklər, “Soyuq zəncir” sistemi: peyvəndlərin saxlanılması və işlədilməsi, Peyvənd işinin planlaşdırılması. Peyvənd turunun keçirilməsi, Profilaktik peyvəndlərdən sonra baş verən xoşagəlməz hallar 

(reaksiya və ağırlaşmalar), Profilaktik peyvəndlərin planlı və epidemioloji göstəriş əsasında aparılması, Ölkədə istifadə olunan peyvənd növləri, onların tərkibləri və xüsusiyyətləri, Peyvəndlərin düzgün yeridilməsi, A vitamininin (Retinolun) profilaktik dozalarının təyini və tətbiqi, İnyeksiyaların təhlükəsizliyinin təmin edilməsi, Peyvənd işinin monitorinqi kimi mövzulara toxunulmuşdur.

Kurs 8 həftəni əhatə edir. Hər həftədə mövzuya dair mühazirə materialları, power point təqdimatlar mövcuddur. Hər mövzunun sonunda təqdim olunan test suallarından keçməklə materialları hansı səviyyədə mənimsədiyinizi öyrənə bilərsiniz.