Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. O vaxtlar Azərbaycanın ali tibb təhsili sistemi Sovet İttifaqının təcrübəsi əsasında formalaşmış və onun tərkib hissəsi idi. Bu sistemin əsasını tibb institutlarında bir neçə ümumi ixtisas üzrə həkimlərin diploma qədər təhsilini təmin etmək təşkil edirdi və onların məzunları ixtisaslarını artırmaq və yeni ixtisaslara yiyələnmək üçün mütləq diplomdan sonra xüsusi təhsil almalı idilər. Azərbaycanda işləyən və hazırlanan həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranmışdı və bu zərurətdən irəli gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu. 

ADHTİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra ittifaq və beynəlxalq konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsinə imkan verir. İnstitutda aparılan tədqiqatların təcrübədə tətbiqi üçün vahid prinsip «tədqiqat-tədris və tətbiq» əsasında həkimləri elmin müasir nailiyyətləri ilə tanış edir. 2009-cu ildən instituta tibb elmləri doktoru, dermatovenerologiya kafedrasının müdiri, professor Kərimov Sənan Hüsi oğlu rəhbərlik edir. Son illərdə institut xarici əlaqələrini daha möhkəmləndirmiş, institutun vəsaiti hesabına 25 nəfərə qədər müəllimlərin xaricdə təhsillərini təkmilləşdirməsinə imkan yaradılmışdır. İnstitutda xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Eyni zamanda, ölkənin həkim-mütəxəssislərinin Moskva, Sankt-Peterburq və s. şəhərlərin adl-sanlı professorları tərəfindən təkmilləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir. Mühazirələrin, praktik məşğələlərin yüksək səviyyədə aparılması üçün kafedraların əksəriyyəti müasir avadanlıqlarla təchiz olunur.