Azərbaycan Tibb Universiteti

Azərbaycan Tibb Universiteti 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılmışdır. Deməli, ATU tarixi baxımdan 1919-cu il sentyabrın 1-də təsis edilmiş Bakı Universitetinin (BU) tibb fakültəsinin varisidir.

Heydər Əliyevin rəhbərliyi dövründə XX əsrin sonları, XXI əsrin əvvəllərində respublikanın bütün bölgələrində yeni tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, Azərbaycan Tibb Universitetinin yeni tədris binasının, unikal akt zalının və bir sıra digər tibb obyektlərinin açılışı olmuşdur. Ulu öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi qayğı sayəsində 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı.

28 sentyabr 1998-ci il Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdə iki dəfə (1998 və 2000-ci illərdə) Azərbaycan Tibb Universitetində olmuş, hər dəfə də ali tədris ocağında geniş nitq söyləyərək həm tələbələrə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli məsləhətlər vermiş, onların gələcək yollarının istiqamətini müəyyənləşdirmişdir. Müstəqillik dövründə ölkə başçısının qayğısı sayəsində tibb təhsili sistemində bir sıra uğurlu islahatlar həyata keçirilmiş, əczaçılıq fakültəsində bakalavr və magistratura hazırlığının aparılması işinə start verilmiş, 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi yaradılmışdır. 1998-ci ilin 28 sentyabr günü ölkə prezidenti Heydər Əliyevin Tibb Universitetinə göstərdiyi diqqət və qayğının təcəssümü olmaq baxımından xüsusilə əlamətdardır. Həmin gün ATU-da yeni tədris binasının açılışı oldu.