Onkoloji (xərçəng) xəstəliklərin profilaktikasının əsasları

GİRİŞ.

2008-ci ildə dünya ölkələrində 12.7 milyon yeni xərçəng xəstəliyi qeydə alınmış və 7.6 milyon insan xərçəngdən ölmüşdür. Həmin bədxassəli törəmələrin bir çoxunun qarşısının alınmasının mümkünlüyünə dair çoxsaylı sübutların olduğunu nəzərə alsaq, qeyd olunmuş statistikanın nə dərəcədə sarsıdıcı olduğu aydın görünür. Xərçəng diaqnozu qoyulmuş xəstələr arasında sağqalma halları artsa da, ölənlərin sayı hələ də çoxdur. Məsələn, ABŞ-da hər il yarım milyondan çox insan xərçəng səbəbindən ölür. ABŞ-da yaşı 85-dən aşağı olan əhali arasında baş verən ölüm hallarının aparıcı səbəbi məhz xərçəng xəstəliyidir. Ölümün səbəblərinə görə ABŞ-da xərçəng ürək-damar xəstəliklərini artıq üstələyibdir. 

Həm skrininq, həm də profilaktik tədbirlər xərçəng xəstəliyindən ölüm hallarını azalda bilər. Skrininq tədbirləri xərçəng önü anomaliyaların/dəyişikliklərin aşkar edilməsi və ya xərçəng xəstəliklərinin çox erkən mərhələlərdə müəyyən edilməsinə və beləliklə müalicənin daha effektiv olmasına kömək edir. Profilaktik strategiyalar isə xərçəngin inkişafına şərait yaradan və ya təsir edən həyat tərzi və ətraf mühitlə bağlı risk faktorların modifikasiyasına yönəlib. Təhlillər göstərir ki, bütün xərçəng xəstəliklərinin 50%-nin qarşısı alına biləndir. 

Xərçəng xəstəliklərinin inkişafına təsir edən çoxsaylı risk faktorları müəyyən edilib: tütünçəkmə, artıq bədən çəkisi, qeyri-sağlam qidalanma və fiziki aktivliyin çatışmazlığı. Bu risk faktorları, məsələn, ABŞ-da qeydə alınan bütün xərçəng xəstəliklərinin 2/3-nin yaranmasına səbəb olur. Araşdırmalardan həmçinin müəyyən edilib ki, modifikasiya oluna bilən 9 risk faktoru dünyada baş verən bütün xərçəng hallarının 35%-na səbəb olur. Bu 9 risk faktoruna aşağıdakılar aiddir: tütünçəkmə, spirtli içkilərdən istifadə, meyvə və tərəvəz tərkibi az olan pəhriz, artıq çəki, fiziki passivlik, müdafiəsiz cinsi əlaqə, şəhərlərdə havanın çirklənməsi, bərk yanacaqların istifadəsi və tibb müəssisələrində yatrogen yayılma (çirklənmiş inyeksiyalar və s.). Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentlik tərəfindən insanlarda xərçəng xəstəliyinə səbəb olan 100-dən çox karsinogen müəyyən edilibdir. 2015-ci ildə qırmızı ət də karsinogenlər siyahısına daxil edildi. 

Həyat tərzi ilə bağlı faktorlar müxtəlif bədxassəli törəmələrin inkişafı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə bu bağlılıq xüsusilə də, ağciyər, kolorektal, prostat vəzi və süd vəzi xərçənglərinin inkişafında özünü biruzə verir. 

TÜTÜNÇƏKMƏ

Tütünçəkmə xərçəng xəstəliyinin inkişafına təsir edən və qarşısı alına bilən ən mühüm risk faktorudur. Dünyada qeydə alınan xərçənglə əlaqəli ölüm hallarının 21%-i tütünçəkmə ilə bilavasitə əlaqəlidir. Siqaret çəkənlərin təxminən 50%-i tütünçəkmə ilə bağlı xəstəliklərdən ölür. Tütündən asılılığa görə siqaret çəkən şəxslərin ömürləri 13%-dək qısalmış olur. 

ABŞ-da xərçənglə bağlı bütün ölüm hallarının 30%-i tütünçəkmə ilə bağlıdır. Tütünçəkmə ağciyər xərçəngi riskini 10-20 dəfə artırmış olur. Tütünçəkmə həmçinin leykemiya, ağız və burun boşluğunun xərçəng xəstəlikləri, paranazal sinuslar, burun-udlaq, qırtlaq, qida borusu, mədəaltı vəzi, qaraciyər, mədə, uşaqlıq boynu, böyrək, yoğun bağırsaq və sidik kisəsinin xərçəng xəstəliklərinin inkişafına səbəb olan risk faktorudur. Tütünçəkmə ilə süd vəzi xərçəngi arasında əlaqə mübahisəlidir. 

Tütün karsinogenezin müxtəlif mərhələlərinə təsir göstərir: karsinogenlərin bir başa toxumalara çatması, lokal qıcıqlanma və iltihab yaradır və orqanizmin təbii qoruyucu imkanlarını aşağı salır. 

Hətta uzun müddət tütündən istifadə edən şəxslərdə tütünçəkmə dayandırılması sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Tütünçəkmənin dayandırılması tütünlə bağlı xəstəliklərin, o cümlədən, ölüm hallarının azalmasına səbəb olur. Tütünçəkmənin dayandırılmasının faydası bütün yaşlarda müşahidə edilir və tərgitdikdən dərhal sonra artıq müşahidə edilməyə başlayır.  

GÜNƏŞ ŞÜASININ TƏSİRİ

Hər il dünyada milyonlarla yeni dəri xərçəngi qeydə alınır. Ən çox yayılmış dəri xərçəngləri bazal hüceyrə və yastı hüceyrə karsinomalarıdır. ABŞ-da hər il 1 milyondan çox dəri xərçəngi qeydə alınır. Qeydə alınan yeni melanoma hallarının sayı təxminən 68.000-dir (2010, ABŞ) və hər il artma tendensiyası müşahidə edilir. Dərinin əksər bədxassəli şişlərinin müalicəsi mümkündür. Buna baxmayaraq 2011-ci ildə yalnız ABŞ-da melanomadan 8790 xəstə ölüb. Günəş şüasının təsiri həm melanoma, həm də melanoma olmayan dəri xərçəng hallarının yaranmasına səbəb olur. Ultrabənövşəyi şüalanma genetik mutasiyalara səbəb olur, habelə dərinin immun sisteminin fəaliyyətinə maneə olaraq anomal hüceyrələrin müəyyən edilib təmizlənməsinin qarşısını almış olur. Yastı hüceyrə və bazal hüceyrə karsinomaların yaranması riski xəstənin həyat boyu məruz qaldığı günəş şüasının miqdarından asılıdır. Həyat boyu xəstənin aldığı ümumi günəş şüası melanoma riskini artırır. Lakin günəş şüasının təsiri səbəbindən dərinin suluxlanması ilə nəticələnən yanıqlar xərçəngin inkişafı baxımından daha təhlükəli hesab edilir. 

Solyariumda istifadə edilən ultrabənövşəyi şüalanma insan karsinogeni hesab edilir və 35 yaşadək solyariumda qaralma xidmətindən istifadə etmiş şəxslərdə melanomanın inkişafı riski 75% artmış olur. 

Günəş şüasından qorunmaya dair tövsiyələr. Hamıya günəş şüaları altında maksimal dərəcədə az vaxt keçirmək tövsiyə edilməlidir. Xüsusilə də, səhər 10.00-dan 15.00-dək günəş altında olmaq məsləhət deyil. Həmçinin günəşdən qorunmaq üçün papaq, ultrabənövşəyi şüalardan qoruyan eynəklər və xüsusilə də, ağ dərili və/və ya üzərində çoxlu xal olan dəri hissələrinin günəşdən qorunması üçün müvafiq paltarlardan istifadə və günəşdən qoruma faktoru (SPF) >50-dən yuxarı olan kremlərdən istifadə etmək tövsiyə olunur. Günəşin təsirinə məruz qalma daha çox uşaqlıq və yeniyetməlik dövrünə təsadüf etdiyindən, həmin dövrlərdə günəş şüasından qorunmanın vacibliyinin aşılanması və müvafiq tədbirlərin tətbiqi daha çox effektivdir. Ümumdünya Səhiyyə Təşkilatı 18 yaşdan aşağı olan şəxslərin solyariumdan istifadə etməməsini tövsiyə edir.

FİZİKİ AKTİVLİK

Fiziki aktivliyin çatışmazlığı və ya azlığı xərçəng riskini artırır. ABŞ-da aparılmış tədqiqatlar göstərir ki, böyük yaşlı əhalinin 60%-i arasında fiziki aktivlik səviyyəsi çox aşağıdır. Bunlardan 25%-i ümumiyyətlə oturaq həyat tərzi aparır. Təxmin edilir ki, xərçəng xəstəlikləri səbəbindən baş verən ölüm hallarının 5%-i oturaq həyat tərzi ilə bir başa bağlıdır. Tütündən istifadə etməyən şəxslərdə, bədən çəkisinin tənzimlənməsi və pəhriz ilə yanaşı fiziki aktivlik ən mühüm modifikasiya oluna bilən risk faktorudur. 

Yaponiyada aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fiziki aktivlik yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi və mədə xərçəngi hallarının azalmasına səbəb olur. Digər araşdırmalardan da çox maraqlı nəticələr əldə edilib: 

  • 52 müxtəlif tədqiqatın meta-analizindən məlum olub ki, fiziki aktivliyi çox aşağı olan xəstələrlə müqayisədə əhəmiyyətli dərəcədə fiziki aktiv olan şəxslərdə yoğun bağırsaq xərçənginin yaranması riski 24% azdır. Daha sonra 21 tədqiqatın meta-analizində müəyyən edilib ki, yüksək fiziki aktivliyi olan şəxslərdə kolorektal xərçəng riski 27% azalıb və bu azalma həm distal, həm də proksimal xərçəng hallarında eyni olub. Digər 20 tədqiqatın meta-analizi isə fiziki aktivlik nəticəsində yoğun bağırsaq poliplərinin 15%-dək azalmasını müəyyən edib. 
  • Yüksək fiziki aktivliklə məşğul olan və artıq çəki və ya piylənməsi olan xəstələrdə də süd vəzi və yoğun bağırsaq xərçəngi riskinin azalması müşahidə edilib. Bu isə xərçəngin profilaktikasında fiziki aktivliyin xüsusi rolunu tək bədən çəkisinin azaldılması ilə bağlı olmadığını göstərir. 
  • Bəzi tədqiqatlara görə fiziki aktivlik həmçinin endometrial və prostat vəzi xərçənginə qarşı da müdafiəni təmin edir. 

Fiziki aktivliyin bu cür müsbət təsirini izah etmək üçün bir sıra potensial mexanizmlər təklif edilib: qanda sirkulyasiya edən insulin, hormonlar və digər böyümə faktorlarının səviyyəsinin azalması; prostoqlandinlərin səviyyəsinə təsir, immun funksiyanın və öd turşuları metabolizminin yaxşılaşması. Həyatın müəyyən dövrlərində, məs., yeniyetməlik dövründə, fiziki aktivlik süd vəzi xərçənginə qarşı əlavə qoruyucu effektə malikdir. 

Xərçəngdən qorunma üçün tələb olunan fiziki aktivliyin müddəti, intensivliyi və tezliyi dəqiq məlum deyil. 

ARTIQ BƏDƏN ÇƏKİSİ

Artıq bədən çəkisi bir çox xərçəng növlərinin inkişafı riskini artırır. Düşünülür ki, bütün xərçəng xəstəliklərinin 20%-i piylənmə ilə bağlıdır. 2016-cı ildə Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentlik tərəfindən yaradılmış işçi qrupu müəyyən edib ki, bədəndə artıq piy qatının olmaması qida borusu, mədənin kardial hissəsi, kolorektal, hepatosellulyar, endometrial, yumurtalıq, mədəaltı vəz, öd kisəsi, böyrək hüceyrəli və tiroid vəzinin xərçəng xəstəliklərinin inkişafına qarşı qoruyucu - profilaktik effektə malikdir. Artıq piy qatının olmaması həmçinin çoxsaylı miyeloma və meningioma, habelə menopauzadan sonrakı dövrdə olan qadınlarda süd vəzi xərçənginin inkişafına qarşı da qoruyucu - profilaktik effektə malikdir. 

Araşdırmalardan məlumdur ki, bədən çəkisinin azalması (normaya doğru) xərçəng səbəbindən baş verən ölüm hallarının azalması ilə müşayiət olunur. Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentlik (İARC) tərəfindən aparılmş analiz göstərib ki, piylənməyə görə keçirilmiş bariatrik cərrahi müdaxilə endometrial və süd vəzi xərçəngləri riskini azaldır. 

PƏHRİZ.

Pəhrizin xərçəngin yaranmasına təsiri bir çox tədqiqatların hədəfə olub. Ümumiyyətlə, yağ, meyvə, tərəvəz və pəhriz liflərinin qəbulu xərçəngin inkişafı riskinə təsiri müəyyən edilməyib. Digər qida elementləri, xüsusilə də, bəzi mikroelementlər müəyyən xərçəng xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir.

Yağlar. Pəhriz yağları ilə xərçəng xəstəlikləri arasında heç bir əlaqə müəyyən edilməyib. Xüsusilə də, yoğun bağırsaq və ya süd vəzi xərçəngi ilə qidada olan yağlar arasında hansısa bir əlaqə aşkar edilməyibdir. 

  • Bəzi araşdırmalar göstərir ki, tərkibində heyvan mənşəli yağlar və/və ya xolesterin az olan pəhriz kolorektal xərçəngdən qoruyur. Lakin daha iri həcmli tədqiqatlarda (məs., Women's Health Initiative Dietary Modification Trial) yağların qəbulu ilə xərçəngin inkişafı arasında hansısa bir əlaqə müəyyən olunmayıb. 
  • Digər tərəfdən, heyvan mənşəli yağlarla zəngin pəhriz prostat vəzinin xərçəngi riskini artırır. Xüsusilə də, tərkibində çoxlu miqdarda alfa-linoleik turşu və az miqdarda linoleik turşu olan qidaların qəbulu həmin riski artırır. Həmin turşuların bu cür nisbəti isə daha çox qırmızı ət (mal, qoyun əti) və bəzi süd məhsullarında rast gəlinir. Müəyyən edilib ki, pəhrizində yağların miqdarı az olan xəstələrdə plazmada testosteronun səviyyəsi də aşağı olur. Bu isə prostat vəzinin xərçəngi riskini müəyyən dərəcədə azaldır. 
  • Pəhriz yağlarının xərçəngin inkişafına heç bir təsiri olmasa da, yağ turşularının müxtəlif növlərinin (doymuş, doymamış, trans-yağlar, polidoymamış və s.)  təsiri tam öyrənilməyibdir. 

Qırmızı ət. Çox miqdarda qırmızı ətdən istifadə yoğun bağırsaq xərçəngi riskinin artmasına səbəb olur. İARC tərəfindən aparılmış təhlil qırmızı ət və emal olunmuş ətin kolorektal xərçəng riskinin artması ilə bağlı olduğunu təsdiqləyib. 2016-cı ildə qırmızı ət və emal olunmuş ət İARC tərəfindən insan karsinogenləri siyahısına əlavə edib. Ən azı 10 tədqiqatın nəticələrinin meta-analizi göstərib ki, günə 100 qram qırmızı ətin yeyilməasi xərçəng riskini 17% artırır. Günə 50 qram emal olunmuş ətin yeyilməsi isə xərçəng riskini 18% artırır. 

Meyvə və tərəvəz. Meyvə və tərəvəzin xərçəngin inkişafı ilə bağlılığını müəyyən etmək üçün çoxsaylı tədqiqatlar aparılıb. Heç birində meyvə və tərəvəzin xərçəng riskinin azalmasına ciddi təsiri sübuta yetirilməyib. Bir çox epidemioloji tədqiqatlar göstərib ki, meyvə və tərəvəzlə zəngin pəhriz kolorektal xərçəngdən qoruyur. 

Bununla yanaşı prostat vəzinin xərçəngi ilə pomidorun qəbulu arasında əlaqənin olduğu müəyyən edilib. Belə ki, pomidorun tərkibində olan likopen prostat vəzinin xərçəngi riskini və prostat vəzinin xərçəngi səbəbindən ölüm riskini azaldır. 

Bir çox tədqiqatların meta-analizi göstərib ki, gündə yüksək miqdarda soyanın (günə 20 mq izoflavonun qəbuluna bərabərdir) qəbulu Asiyalı qadınlar arasında süd vəzinin xərçəngi riskini azaldır. Həmçinin yüksək miqdarda soya qəbul edən çinli qadınlar arasında ağciyər xərçəngi hallarının da azalması müəyyən edilib. Digər tədqiqatlardan məlumdur ki, flavonoidlərlə zəngin pomidor, yaşıl bibər, qiləmeyvə və sitrus meyvələrinin qəbulu qərb ölkələrində süd vəzinin xərçəngi riskini müəyyən dərəcədə azaldır. 

Süd məhsulları. Çoxsaylı tədqiqatlar yumurtalıqların xərçəngi ilə süd məhsulları və ya laktozanın qəbulu arasında heç bir əlaqənin olmadığını təsdiq edib. Yalnız üç perspektiv tədqiqatda süd məhsullarının yüksək miqdarda qəbulunun yumurtalıqların xərçəngi riskinin artması ilə bağlı olduğu göstərilib. Bütün mövcud sübut və dəlilləri nəzərə alaraq, qeyd etmək olar ki, süd məhsullarının qəbulunun yumurtalıqların xərçəng xəstəliklərinin inkişafı riskinə təsiri qeyrimüəyyəndir. 

Kalsiumun qəbulu (xüsusilə də, süd məhsullarının tərkibində) qadınlarda ümumi xərçəng riskini azaldır. Kalsium və süd məhsullarının çoxlu miqdarda qəbulu həm kişilərdə, həm də qadınlarda mədə-bağırsaq (əsasən yoğun bağırsaq) xərçənginin inkişafı riskini azaldır. 

Pəhriz lifləri. Pəhriz liflərinin qəbulu ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır. Lakin pəhriz liflərinin xərçəngin əmələ gəlməsi riskinə təsiri qeyri-müəyyəndir. Böyük tədqiqatlarda, xüsusilə də, 519.978 xəstənin iştirakı ilə Avropada aparılmış tədqiqatda pəhriz liflərinin qəbulu ilə kolorektal xərçəngin inkişafı riskinin azalması təsdiq edilib.  

Omeqa-3 yağlar və balıq qəbulu. Omeqa-3 yağ turşularının qəbulunun bədxassəli törəmələrin inkişafına təsiri perspektiv tədqiqatların sistem icmalında öyrənilmişdir. 11 müxtəlif xərçəng xəstəliklərinin inkişafı riski ilə omeqa-3 yağ turşularının qəbulu arasında heç bir əlaqə müəyyən edilməmişdir. Omeqa-3 yağların qəbulunun xərçəngin yaranması riskinə heç bir təsiri olmasa da, tədqiqatlar göstərib ki, balıqla zəngin pəhriz həm rektal, həm də yoğun bağırsaq xərçənginin inkişafı riskini azaldır. 

VİTAMİNLƏR VƏ MİKROELEMENTLƏR

Vitaminlər və mikroelementlərin xərçəng xəstəliklərinin inkişafına təsiri bir çox tədqiqatlarda araşdırılıb. Nəticələr göstərib ki, vitaminlər və mikroelementlər xərçəng riskinin azaldılmasına heç bir təsir göstərmir. 

Ən son məlumatlara əsaslanaraq qeyd edilməlidir ki, xərçəng xəstəliklərinin profilaktikası məqsədilə vitaminlərin təyin edilməsi məqsədəuyğun deyil və tövsiyə olunmur. 

Vitamin D. Bu günədək aparılmış tədqiqatlar vitamin D-nin xərçəng xəstəliklərinin inkişafı riskinin azalmasına təsir göstərmədiyini müəyyən edib. Buna görə də, xərçəng xəstəliklərinin profilaktikası məqsədilə vitamin D-nin təyin edilməsi tövsiyə olunmur. 

Kalsium. Yüksək miqdarda kalsiumun qəbulu kolorektal xərçəng riskini azaldır, lakin prostat vəzinin xərçəngi riskini artıra bilər. Prostat vəzinin xərçəngi riskinin artmasına səbəb olmamaqla yanaşı, kolorektal xərçəngə qarşı qoruyucu effektə malik kalsiumun ən münasib dozası günə 700 mq-dır. Kalsiumun əlavə olaraq qəbulu həmçinin kolorektal adenomanın residivi hallarının qarşısını almış olur. Bu səbəbdən, yoğun bağırsaq adenomalarının birincili və ya ikincili profilaktikası məqsədilə kalsiumun əlavə qəbulu Amerika Qastroenterologiya Cəmiyyəti tərəfindən tövsiyə edilib.  

Bununla yanaşı vurğulanmalıdır ki, yüksək dozalarda kalsiumun qəbulu prostat vəzinin xərçəngi riskini artırır. Bəzi tədqiqatlarda nümayiş etdirilib ki, yüksək dozada (günə 2 qramdan çox) kalsiumun qəbulu həm prostat vəzinin xərçəngi riskini artırır, həm də irəliləmiş və metastazlı prostat vəzinin xərçəngi hallarının artmasına səbəb olur. 

SPİRTLİ İÇKİLƏRİN QƏBULU.

Spirtli içkilərin artıq miqdarda qəbulu bir çox xərçəng xəstəliklərinin inkişafı riskini artırmış olur. Xüsusilə də, müəyyən olunub ki, günə 10 qram alkoqolun qəbulu ağız-udlaq, qida borusu, qırtlaq, rektum, qaraciyər və süd vəzinin xərçəng xəstəliklərinin inkişafı riskini artırır. 

Az miqdarda spirtli içkilərin qəbulu ürək-damar xəstəliklərinin inkişafı riskini azaltmış olsa da, xərçəng xəstəliklərinin inkişafı riskini artırmış olur. Hətta çox az miqdarda alkoqol qəbulu (məs., günə 10 qram və ya 1 alkoqollu içəcək) qadınlarda süd vəzi xərçənginin inkişafı riskini azacıq artırır, lakin qida borusu və ağız-udlaq xərçənginin inkişafı riskini əhəmiyyətli dərəcədə artırır.

Alkoqolun bu cür təsiri onunla izah edilir ki, alkoqolun həll etmə qabiliyyəti karsinogenlərin hüceyrə membranalarını penetrasiya etməsinə imkan verir. Alkoqol həmçinin estrogenin səviyyəsini artırır və fol turşusunun metabolizminə təsir göstərir.

İNFEKSİYALAR.

Hesablamara görə dünyada qeydə alınan bütün yeni xərçəng hallarının 17%-i infeksiyalarla bağlıdır. Hüceyrələrin transformasiyası, hüceyrənin bölünməsi siklinin pozulması, immun funksiyanın supressiyası ilə viruslar xərçəng riskini artıra bilər. Aşağıda verilmiş viruslarla xərçəng xəstəlikləri arasında əlaqənin olduğu təsdiq edilib:

  • HPV və ya insanın papilloma virusu uşaqlıq boynu xərçəngi və digər anogenital xərçəng və həmçinin baş və boyunun yastı hüceyrə xərçəngi hallarına səbəb olur.
  • HBV və HCV ilə hepatosellulyar karsinoma arasında ciddi əlaqənin olduğu təsdiqlənib.
  • İnsanın T-hüceyrə limfotropik virusu (HTLV-İ) böyüklərdə T-hüceyrəli leykemiyanın inkişafı ilə bağlıdır.
  • İİV (HİV) infeksiyası Kaposi sarkoması, qeyri-Hockin limfoması və bir çox QİÇS-lə bağlı olmayan bədxassəli törəmələrin inkişafı ilə əlaqələndirilib. 
  • Ebşteyn-Barr virusu Burkit limfoması ilə bağlıdır. 

Bəzi qeyd edilmiş xərçəng xəstəliklərinin qarşısı alına biləndir. Belə ki, HBV və HPV-yə qarşı vaksinasiya müvafiq olaraq hepatosellulyar karsinoma və uşaqlıq boynu xərçəngi və digər anogenital xərçəngin profilaktikasına imkan verir. 

 Viruslarla yanaşı Helikobakter Pilori infeksiyası mədə xərçəngi və MALT limfomalarının inkişafı ilə əlaqələndirilir. H.pilorinin müalicəsi həmin xərçəng xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. 

 

KİMYƏVİ PROFİLAKTİKA

Yüksək risk qrupuna aid şəxslər arasında bəzi xərçəng xəstəliklərinin inkişafı riski profilaktik dərmanların qəbulu ilə azaldıla bilər. Kimyəvi (farmakoloji) profilaktikanın tətbiqindən əvvəl onun riskləri və faydası fərdi qaydada qiymətləndirilməlidir. 

Süd vəzi xərçəngi

Tamoksifen həm estrogen aqonisti, həm də antaqonisti xüsusiyyətlərinə malik estrogen reseptorlarının selektiv modulyatorudur (SERM, eng.selective estrogen receptor modulator). Dörd müxtəlif randomizasiya olunmuş tədqiqatın meta-analizi göstərib ki, tamoksifenlə 5 il ərzində terapiya hormon reseptoru pozitiv olan invaziv süd vəzi xərçəngi riskini azaldır. Tamoksifenin ABŞ-da yüksək riskli qadınlarda süd vəzi xərçənginin profilaktikası üçün istifadəsinə icazə verilib. Yüksək risk qrupu dedikdə aşağıdakı qadınlar nəzərdə tutulur: anamnezində lobulyar karsinoma in-situ olan, Qali modeli əsasında 5 illik süd vəzi xərçəngi riski >1.66% olan və ya ailə anamnezində yaxın qohumlarında süd vəzi xərçənginin olması. 

Lakin tamoksifenin kimyəvi profilaktika məqsədilə tətbiqi sonradan məhdudlaşdırılmışdır. Bu, preparatın ciddi yan təsirlərə səbəb olması ilə bağlıdır. Tamoksifen aşağıdakı ciddi yan təsirlərə səbəb olur - endometrial xərçəng və tromboembolik hallar. Bununla yanaşı, tədqiqatlar göstərib ki, premenopauza dövründə olan qadınlar (bu qrupda tromboembolik hallar və uşaqlıq xərçəngi riski aşağıdır), uşaqlığı götürülmüş qadınlar və süd vəzinin xərçəngi riski yüksək olan qadınlarda tamoksifenin faydası daha üstündür.

Tamoksifenin potensial ciddi yan təsirlərini nəzərə alaraq, ABŞ-ın Profilaktik Xidmətlər üzrə İşçi Qrupu tərəfindən aşağıdakı tövsiyələr verilmişdir: süd vəzi xərçənginin inkişafı riski orta dərəcəli olan qadınlarda tamoksifenin kimyəvi profilaktika məqsədilə istifadəsi məsləhət görülmür. Yüksək risk qrupuna aid qadınlarla isə tamoksifen və raloksifenin istifadəsinin riskləri və faydası hər bir xəstə ilə müzakirə edilməli və qərar fərdi qaydada qəbul olunmalıdır. 

Raloksifen də estrogen reseptorlarının selektiv modulyatorudur və həm osteoporozun profilaktikası, həm də invaziv süd vəzinin xərçəngi riski yüksək olan postmenopauza dövründə olan qadınlar arasında süd vəzi xərçənginin profilaktikası məqsədilə istifadə edilir.Tamoksifenlə raloksifenin bir başa müqayisəsi STAR tədqiqatında aparılmış və raloksifenin bir qədər daha az effektiv olduğu müəyyən edilmişdir. Lakin raloksifen daha az hallarda ciddi yan təsirlərə səbəb olmuşdur. Ümumiyyətlə, süd vəzinin xərçəngi riski yüksək olan postmenopauza dövründə olan və uşaqlığı saxlanmış və ya osteoporoz riski yüksək olan qadınlarda tamoksifenə əvəzində raloksifen istifadə edilə bilər. Raloksifenin premenopauza dövründə olan qadınlarda istifadəsinin riskləri və faydası barədə məlumatlar yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, preparatın güclü teratogen effekti var. Buna görə də, hazırda raloksifenin yalnız postmenopauza dövründə olan qadınlarda istifadəsinə icazə verilir. 

Aromatazanın inqibitorları. Anastrazol, letrozol və eksemestan preparatları aromatazının inqibitorlarıdır və postmenopauza dövründə olan qadınlarda aromatazanı inaktivasiya edərək plazmada estrogenin səviyyəsini aşağı salır. Estrogen reseptorlarının selektiv modulyatorları ilə müqayisədə aromatazanın inqibitorları daha az hallarda həyata təhlükə yaradan yan təsirlərə (endometrial xərçəng, tromboembolik hadisələr) səbəb olur. Tədqiqatların nəticələri göstərib ki, süd vəzi xərçəngi riski yüksək olan postmenopauza dövründə olan qadınlarda aromatazanın inqibitorları süd vəzi xərçənginin profilaktikası üçün istifadə edilə bilər və faydalıdır. Lakin bu preparatların sümük kütləsinin azalmasına və ürək-damar xəstəliklərinin inkişafı riskinə uzunmüddətli təsiri məlum deyil. Həmçinin qeyd edilməlidir ki, aromatazanın inqibitorlarının qəbulu nəticəsində bəzi xəstələrdə müşahidə edilən əzələ və oynaq simptomları bu preparatların istifadəsini məhdudlaşdıra bilər. Bu günədək aparılmış tədqiqatların nəticələrini nəzərə alaraq, aromatazanın inqibitorlarının yalnız postmenopauza dövründə olan qadınlarda süd vəzi xərçənginin profilaktikası məqsədilə tətbiqi məqsədəmüvafiq hesab edilir. 

Prostat vəzi xərçəngi və 5-alfa reduktaza inqibitorları

Randomizasiya olunmuş Prostat Vəzi Xərçənginin profilaktikası Tədqiqatında (PCPT) finasterid (5-alfa reduktaza inqibitoru) preparatının prostat xərçənginin kimyəvi profilaktikasında rolu öyrənilmişdir. Finasterid qəbul edən kişilərdə prostat xərçəngi hallarının sayı azalmış, lakin yüksək dərəcəli şişlərin mütləq sayında artım müşahidə olunmuşdur. Həmçinin finasterid qəbul edən xəstələrdə prostat vəzinin xərçəngi səbəbindən ölüm riski azalmamış və xəstələr arasında sağqalma müddəti də artmamışdır.  

REDUCE adlı ikiqat kor plasebo ilə kontrol olunan beynəlxalq tədqiqatda isə dutasteridin təsiri tədqiqat obyekti olmuşdur. Müəyyən edilmişdir ki, dutasterid yalnız Qlison şkalası üzrə 5 və ya 6 balla qiymətləndirilmiş aşağı dərəcəli törəmələrin inkişafı riskinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Lakin Qlison şkalası üzrə 7-10 balla qiymətləndirilən törəmələrin başvermə hallarında fərq müəyyən edilməyib. ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən finasterid və dutasteridin prostat vəzi xərçənginin profilaktikasında istifadəsi tövsiyə olunmur. 

Aspirin və digər iltihab əleyhinə preparatlar.

Bəzi mütəxəssislər aspirin və digər QSİƏP-ların qəbulunun kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirib. Mülahizə edilir ki, xərçəngə qarşı təsir həmin preparatların qeyri-normal hüceyrələrin bölünməsi siklini dayandırması və ya apoptozuna səbəb olması ilə bağlıdır. Riskin azalması həmçinin COX-2 (siklooksigenaza-2) fermentinin qeriyə-dönməyən inqibisiyası ilə də bağlı olduğu guman edilir. Bu fermentin inqibisiyası prostoqlandinlərin sintezini azaldır və nəticədə törəmənin böyüməsinin qarşısı alınmış olur. 

Aspirin və digər QSİƏP-ların müntəzəm qəbulu adenomatozlu poliplər və kolorektal xərçəng riskini azaldır. Linç sindromundan əziyyət çəkən yüksək riskli xəstələrdə gündə 600 mq aspirinin qəbulu kolorektal xərçəng riskini 60% azaltmış olur. Aşağı riskli xəstələrdə isə kolorektal xərçəngin profilaktikası üçün aspirinin optimal dozası məlum deyil. 

Tədqiqatlar göstərib ki, xərçəng riskinin azaldılması üçün aspirin müntəzəm olaraq uzun müddət qəbul edilməlidir. Müəyyən olunub ki, gündə 75 mq aspirin qəbulu da xərçəng riskinin azalmasına yardım  edir. Buna baxmayaraq, Amerika Xərçəng Cəmiyyəti və ABŞ-ın Profilaktik Xidmətlər üzrə İşçi Qrupu tərəfindən xərçəng xəstəliklərinin profilaktikası məqsədilə aspirinin istifadəsi tövsiyə edilmir. Bu isə aspirinin potensial yan təsirləri, o cümlədən, mədə-bağırsaq qanaxması riski ilə bağlıdır.  

Metformin.

Maraqlıdır ki, tip 2 şəkərli diabeti olan xəstələrdə metforminin qəbulu xərçəng hallarını azaldır. Təxminən 11 müstəqil tədqiqatın meta-analizi və sistemli icmalı göstərib ki, metforminin qəbulu yeni xərçəng halları və xərçəng səbəbindən ölüm hallarının 30%-dək azaldır. Xüsusilə də, mədəaltı vəzi və qaraciyər xərçəngi hallarında əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Süd vəzi, yoğun bağırsaq xərçəngi hallarında da azalma müşahidə edilib. Metforminin təsiri xərçəng hüceyrələrinin böyüməsinin inqibisiyası və HER2 reseptorlarının ekspressiyasının supressiyası və mTOR-un inqibisiyası ilə bağlı olduğu guman edilir. 

Statinlər

Statinlərin xərçəngin profilaktikasında rolu dəqiq müəyyən edilməyib və bu istiqamətdə tədqiqatlar davam edir. Lakin bu günədək statin preparatlarının qəbulunun xərçəng xəstəliklərinin inkişafı riskinin azalması və ya artmasına heç bir təsiri müəyyən edilməyib.  



BİBLİOQRAFİYA.

  1.  Jemal A, Bray F, Center MM, et al. Global cancer statistics. CA Cancer J Clin 2011; 61:69.
  2. Brawley OW. Avoidable cancer deaths globally. CA Cancer J Clin 2011; 61:67.
  3. Siegel R, Ward E, Brawley O, Jemal A. Cancer statistics, 2011: The impact of eliminating socioeconomic and racial disparities on premature cancer deaths. CA Cancer J Clin 2011; 61:212.
  4. Wolin KY, Carson K, Colditz GA. Obesity and cancer. Oncologist 2010; 15:556.
  5. Harvard Report on Cancer Prevention Volume 2: Prevention of Human Cancer. Cancer Causes and Control 1997; 8:S1.
  6. Danaei G, Vander Hoorn S, Lopez AD, et al. Causes of cancer in the world: comparative risk assessment of nine behavioural and environmental risk factors. Lancet 2005; 366:1784.
  7. Cogliano VJ, Baan R, Straif K, et al. Preventable exposures associated with human cancers. J Natl Cancer Inst 2011; 103:1827.
  8. Ezzati M, Lopez AD, Rodgers A, et al. Selected major risk factors and global and regional burden of disease. Lancet 2002; 360:1347.
  9. Ford ES, Bergmann MM, Kröger J, et al. Healthy living is the best revenge: findings from the European Prospective Investigation Into Cancer and Nutrition-Potsdam study. Arch Intern Med 2009; 169:1355.
  10. World Cancer Research Fund/American Institute for Cancer Research. Food, Nutrition, Physical Activity and the Prevention of Cancer: A Global Perspective. Washington, DC: AICR, 2007.
  11. Romaguera D, Vergnaud AC, Peeters PH, et al. Is concordance with World Cancer Research Fund/American Institute for Cancer Research guidelines for cancer prevention related to subsequent risk of cancer? Results from the EPIC study. Am J Clin Nutr 2012; 96:150.
  12. Colditz GA, Wolin KY, Gehlert S. Applying what we know to accelerate cancer prevention. Sci Transl Med 2012; 4:127rv4.
  13. Doll R, Peto R, Wheatley K, et al. Mortality in relation to smoking: 40 years' observations on male British doctors. BMJ 1994; 309:901.
  14. Centers for Disease Control and Prevention (CDC). Annual smoking-attributable mortality, years of potential life lost, and economic costs--United States, 1995-1999. MMWR Morb Mortal Wkly Rep 2002; 51:300.
  15. American Cancer Society. Cancer Facts and Figures 2005. American Cancer Society, Atlanta, GA 2005.
  16. Sasco AJ, Secretan MB, Straif K. Tobacco smoking and cancer: a brief review of recent epidemiological evidence. Lung Cancer 2004; 45 Suppl 2:S3.
  17. Brownson RC, Novotny TE, Perry MC. Cigarette smoking and adult leukemia. A meta-analysis. Arch Intern Med 1993; 153:469.
  18. Murphy AB, Akereyeni F, Nyame YA, et al. Smoking and prostate cancer in a multi-ethnic cohort. Prostate 2013; 73:1518.
  19. Kenfield SA, Stampfer MJ, Chan JM, Giovannucci E. Smoking and prostate cancer survival and recurrence. JAMA 2011; 305:2548.
  20. Islami F, Moreira DM, Boffetta P, Freedland SJ. A systematic review and meta-analysis of tobacco use and prostate cancer mortality and incidence in prospective cohort studies. Eur Urol 2014; 66:1054.
  21. US Department of Health and Human Services. The Health Consequences of Smoking: A Report of the Surgeon General. US Department of Health and Human Services, Atlanta, GA 2004.
  22. Jemal A, Siegel R, Xu J, Ward E. Cancer statistics, 2010. CA Cancer J Clin 2010; 60:277.
  23. Siegel R, Ward E, Brawley O, Jemal A. Cancer statistics, 2011: the impact of eliminating socioeconomic and racial disparities on premature cancer deaths. CA Cancer J Clin 2011; 61:212.
  24. Whiteman DC, Whiteman CA, Green AC. Childhood sun exposure as a risk factor for melanoma: a systematic review of epidemiologic studies. Cancer Causes Control 2001; 12:69.
  25. International Agency for Research on Cancer Working Group on artificial ultraviolet (UV) light and skin cancer. The association of use of sunbeds with cutaneous malignant melanoma and other skin cancers: A systematic review. Int J Cancer 2007; 120:1116.
  26. English DR, Armstrong BK. Identifying people at high risk of cutaneous malignant melanoma: results from a case-control study in Western Australia. Br Med J (Clin Res Ed) 1988; 296:1285.
  27. www.who.int/mediacentre/factsheets/fs287/en/ (Accessed on August 13, 2009).