Uşaqların icbari dispanserizasiyasının təşkili
Kurs haqqında
Kursun təyinatı: ilkin səhiyyə xidməti səviyyəsində çalışan həkim mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Kursun müddəti: 3 həftəlik kurs çərçivəsində uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, dövlət proqramının məqsəd və hədəfləri, yaşlar üzrə uşaqların müayinəsi, uşaqların psixi sağlamlığının qorunması, anadangəlmə ürək qüsurlarının profilaktika və erkən diaqnostikası, uronefroloji xəstəliklər, uşaqlar arasında vərəmin profilaktikası və erkən diaqnostikası haqqında məlumatlar veriləcək.
Hər həftəyə uyğun olaraq mövzunu əhatə edən mühazirə materialları və prezentasiyalar təqdim olunacaq. Həftənin sonunda mövzu üzrə test tapşırıqları veriləcək. Test tapşırıqları 10 testdən ibarət olacaq və onların 80%-nin düzgün cavablandırılması ilə növbəti həftəyə keçid imkanı əldə ediləcək. Daha aşağı nəticə göstərənlərə isə həmin həftənin materiallarını yenidən öyrənmək imkanı veriləcək. 3 həftə üzrə cəmi 30 test tapşırığı olacaq və bu test tapşırıqlarının hamısını ən azı 80% düzgün cavablandıranlar uğurlu hesab olunacaq.
(3 həftə; 30 test; hər test 80% düzgün cavablandırılmalıdır)
Kursun məqsədi:
Uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
2013-2017-ci illəri əhatə edən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
Təlim kursunun keçirilməsində məqsəd ilkin səhiyyə xidməti işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları, uşaqlar arasında geniş yayılmış xəstəliklərin müalicə və diaqnostikası haqda geniş məlumat verməkdir. Kursun iştirakçıları kurs ərzində Azərbaycanda uşaq xəstəliklərinin qısa xülasəsi, epidemiologiya və statistikası, icbari dispanserizasiyanın keçirilməsinə dövlət nəzarəti, dövlət proqramı üzrə tədbirlər planı, mahiyyəti və əsas hədəfləri, məqsəd və vəzifələri, geniş yayılmış uşaq xəstəlikləri barədə ətraflı məlumat alacaqlar.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 3 dərs
Həftədə: 3-4 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
Nabil Seyidov - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |