Reproduktiv sağlamlıq / Ailə planlaşdırılması



Kurs haqqında

Reproduktiv sağlamlıq/ailə planlaşdırılması üzrə kurs reproduktiv yaşlı qadınlara Məsləhət Xidməti və Ailə Planlaşdırılması üzrə xidmətləri göstərən mama-ginekoloqlar və mamalar üçün nəzərdə tutulmuşdur. Bununla bərabər, ehtiyac yaranarsa müxtəlif ixtisaslı həkimlər tərəfindən də istifadə edilə bilər.

Təşkil olunan bu kurs reproduktiv yaşda olan qadınlarda abortların sayını, o cümlədən abortlarla bağlı fəsadların və ölüm hallarının sayını azaltmaq üçün reproduktiv sağlamlıq və ailə planlaşması üzrə sübutlu təbabətə əsaslanan tövsiyələrin verilməsi məqsədini daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tərifə əsasən (ÜST, 1994-cü il) “Reproduktiv sağlamlıq qadın və kişilərin cinsi həyatının təhlükəsiz və rahat olması; hamilə qalmaq və xəstəliklərə yoluxmaqla bağlı narahatlıqların olmaması; dünyaya uşaq gətirmək qabiliyyətinə malik olması; uşaq sahibi olmaq və onun vaxtının planlaşdırılması və doğulacaq uşaqların sayı ilə bağlı sərbəst qərar qəbul edə bilməsi; seçdikləri təhlükəsiz, səmərəli, münasib, maliyyə baxımından əlverişli olan ailə planlaşdırılması üsulları haqqında məlumatlı olmaları və onları əldə etmək imkanlarının olması; qadınların hamiləliklərinin və doğuşlarının təhlükəsiz keçməsini və ailələrin dünyaya sağlam övlad gətirməsini təmin edən münasib tibbi xidmətləri əldə etmək hüquqlarının olması deməkdir.”

Kurs 11 həftə davam edəcək. Hər həftədə mövzuya uyğun mühazirə materialları, təqdimat, test sualları və digər faydalı materiallar mövcuddur.