Yenidoğulmuşların (Neonatal) reanimasiya proqramı



Kurs haqqında

Dünyada olduğu kimi ölkəmizdə də asfiksiya  əsas neonatal problemlərdən biri olaraq qalmaqda davam edir və doğulan hər körpənin neonatal reanimasiyaya ehtiyacı ola bilər. Asfiksiyayla doğulan bir körpəyə həyatının ilk dəqiqələrində göstərilən yardımın mənfi nəticələri, ona  yaşamaq qabiliyyəti də daxil olmaqla, həyatı boyu davam edəcək fəsadlara da səbəb ola bilər. Buna görə də, doğuş otağında uyğun ləvazimatların hər an hazır olması ilə yanaşı, tibbi personalın Neonatal Reanimasiya Proqramını (NRP) bilməsi və bir komanda şəklində tətbiq etməsi vacibdir. Hazırkı kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılmış "Neonatal Reanimasiya Proqramı (NRP)" üzrə ölkənin şəhər və rayonlarının doğuşayardım müəsissələrində çalışan tibb mütəxəssisələri üçün nəzərdə tutulan təlim kursudur. Kurs eyni zamanda reanimasiya edilmiş körpələrin sonrakı müalicə - müşahidə proqramını sistematik olaraq tərtib etmək bacarığını da öyrədir.

Təqdim etdiyimiz kurs reanimasiyanın icmalı və prinsipləri,reanimasiyanın ilk addımlarını, müsbət təzyiqli ventilyasiyanın tətbiqi, ürəyin xarici masajı, endotraxeal intubasiya və laringeal maska yerləşdirilməsi, dərmanlar, xüsusi vəziyyətlər, vaxtından əvvəl doğulmuşların reanimasiyası kimi mövzuları əhatə edir.

Kurs 4 həftə davam edir, hər həftədə mövzunu əhatə edən video təqdimat, power point təqdimat və nəticədə əldə olunan məlumat səviyyəsini yoxlamaq üçün test sualları vardır.