Sifilisin müalicə və diaqnostikası



Kurs haqqında

Sifilis – solğun treponema (Treponema pallidum) tərəfindən törədilən dalğavarı gedişli infeksion xəstəlik olaraq, selikli qişaların, dərinin, daxili orqanların, sinir və sümük-oynaq sisteminin zədələnməsi ilə səciyyələnir.

Sifilisin inkubasiya dövründən başlayaraq yoluxucu olması epidemioloji problem yaradır və buda onu sosial əhəmiyyətli xəstəliklərə aid etməyə imkan verir. ÜST-ün göstəricilərinə əsasən dünyada hər il təxminən 11 milyon yeni xəstələnmə halları müşahidə olunur.

Son 10 ilin rəsmi statistikasının 9 №-li forma hesabatının göstəricilərinə əsasən Azərbaycan Respublikasında sifilisin klinik strukturunda gizli formalar aparıcı yer tutur. Serorezistent formalarının, neyrosifilisin, klinik və seroloji residivlərin sabit artımı qeyd olunur. Azərbaycan Respublikasında 2010-2014-cü illər ərzində sifilis infeksiyasına dair epidemik vəziyyətə görə 2010-cu ildə – 294; 2011-ci ildə – 488; 2012-ci ildə – 390; 2013-ci ildə – 457; 2014-cü ildə – 536 xəstə qeyd olmuşdur. 

Kursun məqsədi sifilis xəstəliyinin diaqnostika və müalicəsində beynəlxalq standartlarının sübutlu təbabətinə əsaslanan tövsiyələrin verilməsilə yanaşı xəstəliyin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsinə yönəlmişdir. Kurs materiallarında sifilisin mərhələləri və klinik təzahürləri inkubasiya dövründən başlayaraq bütün formalarının müddətinə əsasən ətraflı diaqnostikasından, müalicə effektivliyini qiymətləndirən test üsullarından,  sifilisi olan xəstələrin digər mütəxəssislərdən məsləhət almaq üçün və  stasionarda müalicə almasına  göstərişlərdən, hər mərhələ və yaş diapazonu, həmçinin xüsusi halları əhatə edən və müəyyənləşdirilmiş müalicə üsullarından, birinci sıra preparatları, onlara olan alternativ preparatların böyüklərdə, uşaqlarda və hamilələrdə düzgün kombinasiyasından, əks göstərişlərindən ətraflı bəhs edilir.

 

Kurs 3 həftə və hər həftədə 3 saat olmaqla davam edəcək. Kursun tərkibinə 3 mühazirə materialı, 2 təqdimat, mövzularla bağlı test sualları və digər faydalı materiallar daxildir.